Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran şəhər 9 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

07 noyabr 2025 | 17:00

  Noyabrın 7-də Lənkəran şəhər 9 saylı körpələr evi-uşaq bağçasının  əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  Dövlət Himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tədbirin əlamətdar gündə “8 Noyabr - Zəfər Günü” ərəfəsində keçirildiyini bildirib, bütün lənkəranlıları tarixi Zəfər münasibətilə təbrik edib.

  İcra başçısı uşaqlara diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

  Taleh Qaraşov bildirib ki, ölkəmizdə uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşılıb və Ümummilli Lider Heydər Əliyevin başlatdığı “uşaq siyasəti” bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

  Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) müdiri Bəhruz Mehdiyev ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib, dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğıdan danışıb, əsaslı təmir edilən Lənkəran şəhər 9 saylı körpələr evi-uşaq bağçasında aparılan işlərin də məhz bu qayğı və diqqətin təzahürü olduğunu bildirib. LARTİ müdiri xalqın gələcəyi olan uşaqların sağlam, savadlı, vətənpərvər böyüməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyindən danışıb və bildirib ki, uşaqlar bağçada təkcə bilik deyil, həm də mehribanlıq, dostluq və qayğı hisləri ilə böyüyəcəklər, onların gülüşü, sevinci bu məkanın ən böyük bəzəyi olacaq.

  Daha sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, Lənkəran şəhər 9 saylı uşaq körpələr evi-uşaq bağçası 10 qruplu, 225 yerlikdir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb.

  Bağça ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər, şeirlər səsləndiriblər.

 

Keçidlər