Lənkəran rayonununda sakinlər İcra başçısının səyyar qəbulundan razılıq etdilər
Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun təmin olunması üçün yerlərdə həyata keçirilən səyyar qəbul-görüşlər xüsusi əhəmiyyətə malikdir. Lənkəran ŞİH başçısı Taleh Qaraşovun mayın 26-da Kərgəlan kənd inzibati ərazi dairəsində vətəndaşlarla keçirdiyi səyyar qəbul-görüş də məhz yuxarıda sadalanan məqsədlərə xidmət edib. Səyyar qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu səyyar qəbul-görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısı Taleh Qaraşov açıb. İcra başçısı ənənəsinə sadiq qalaraq ilk növbədə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini dinləyib, onları narahat edən məsələlərin həlli ilə bağlı yerindəcə tapşırıq və göstərişlərini verib. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər” fikrini xatırladan T.Qaraşov bildirib ki, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına qayğıyla yanaşmaq hər bir vətəndaşın və eləcə də dövlət məmurlarının borcudur. Natiq qeyd edib ki, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən məsələyə xüsusi diqqət və nəzarət edirlər, məhz bu həssaslıq nəticəsində istər şəhid ailələrinin məişət problemlərinin həlli, istər qazilərimizin sağlamlığının müalicə və bərpası, istərsə də Vətən müharibəsi iştirakçılarının işlə təmin edilməsi məsələsi hər zaman aktuallığını qoruyur.
Səyyar qəbul-görüşdə kənd ictimaiyyətini narahat edən və İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciət edilib.
Yerli insanlar fikir və istəklərini heç bir maneə olmadan rayon rəhbərliyinə çatdıra bildikləri üçün məmnunluqlarını ifadə etdilər, eyni zamanda, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını ifadə etdilər.