Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayon prokurorluğunda “Heydər Əliyev 100” adlı konfrans keçirilib

23 iyun 2023 | 17:43

 İyunun 23-də Lənkəran rayon prokurorluğunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı konfrans keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayon prokurorları, Lənkəran rayon hərbi prokuroru, Lənkəran şəhər-rayon polis idarəsinin rəisi və yerli prokurorluq əməkdaşları iştirak ediblər. Konfrans iştirakçıları öncə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Heydər Əliyev Muzeyinə baş çəkən tədbir iştirakçıları muzeydə nümayiş olunan foto-stendlərlə tanış olduqdan sonra Şəhidlər  Xiyabanını ziyarət ediblər.

 Lənkəran rayon prokurorluğunun inzibati binasında keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası, sərhədlərimizin müdafiəsi uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsindən sonra işinə başlayıb.

  Reqlamentin müəyyənləşməsindən sonra ilk çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin siyasi aspektləri və onun hakimiyyətdə olduğu dövrdə dövlət idarəçiliyi sahəsində gördüyü işlər barədə fikirlərini bölüşüb. Ulu Öndərin bütöv xalqın taleyini yaşadığını qeyd edən natiq böhran vəziyyətində dövlətin sükanı arxasına keçən dahi şəxsiyyətin dövlətin varlığını qoruyub saxlaması, milli şüurun formalaşması, milli ruhun yenidən dirçəldilməsi, azərbaycançılıq məfkurəsi əsasında milli ideologiyanın yaradılması istiqamətində əvəzsiz xidmətlərindən danışıb. İcra başçısı bildirib ki, Heydər Əliyevin siyasi xəttinin alternativsizliyi birmənalı şəkildə xalq tərəfindən qəbul olunur və bu siyasi irs onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  Sonra Lənkəran rayon prokuroru Taryel Ələkbərov hüquqi dövlət quruculuğu istiqamətində Ulu Öndərin fəaliyyəti barədə məruzə edib. Onun sözlərinə görə, dayanıqlı milli dövlət qurulması və məhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ali qanunun qəbul olunması, hakimiyyət bölgüsünə əsaslanan idarəçilik modelinin tətbiqi, hüquqi dövlət quruculuğu istiqamətində çox saylı qanunların qəbulu, prokurorluq orqanları ilə bağlı köklü islahatların aparılması Ümummilli Liderin gərgin əməyi nəticəsində mümkün olub.  

 Daha Sonra Lənkəran rayon hərbi prokuroru Elşən Əli-Məmmədov, Lerik rayon prokuroru Akif Rzayev və Lənkəran rayon ziyalısı, hüquq elmləri doktoru İbrahim  Quliyev çıxış ediblər. Natiqlər Ulu Öndərin dövlət quruculuğu sahəsindəki xidmətləri barədə danışıblar. Bildirilib ki, Ümummilli Lider Şərqdə ilk dəfə ölüm hökmünün ləğv olunmasını təmin edən tarixi şəxsiyyət kimi insan azadlığına, humanist dəyərlərə hər zaman diqqət göstərib. Təsadüfi deyil ki, onun hakimiyyətdə olduğu dövrdə çoxsaylı əfv fərmanları verilib, insan hüquq və azadlıqlarının təmini istiqamətində mühüm addımlar atılıb.

 Çıxışlardan sonra Baş Prokurorluğun təşəbbüsü ilə hazırlanan “Böyük şəxsiyyət..3 ştrixdə” adlı sənədli film nümayiş olunub, sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər