Lənkəran Avropa İttifaqı layihəsi üzrə qalib şəhər elan olundu
Senytabrın 23-də Lənkəranda Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirililən “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) layihəsi çərçivəsində qalib şəhərin elan olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər. Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhərinin “Mədəni İnkişaf Strategiyası” layihəsi birincilik əldə edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Onun sözlərinə görə, bu səpkili layihələrin həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında olan vacib tərəfdaşlığıın ən vacib komponentlərindən biridir. Peter Mixalko qeyd edib ki, “Mədəni İnkişaf Strategiyası” layihəsinin uğurla tamamlanması üçün maliyyə dəstəyi ilə yanaşı, layihə çərçivəsində qalib şəhərin mədəniyyət sahəsində potensialının gücləndirilməsinə yönələn dəstək və təlim proqramları da keçiriləcək.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, bu layihələrin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi Azərbaycanla qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə və birgə layihələrin icrasının gələcək inkişafına xidmət edir.
Lənkəran ŞİH-nin əsas tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin önəmi barədə danışan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov layihənin rayonumuzun istər ölkə daxilində, istərsə də regional müstəvidə tarixi və mədəni irsinin təbliğinə xidmət edəcəyini və sosial inkişafına töhvə verəcəyini vurğulayıb. İcra hakimiyyəti olaraq mədəni layihələrin həyata keçirilməsinə hər zaman önəm verdiyini qeyd edən Taleh Qaraşov mədəniyyətin insanları birləşdirməsindən, cəmiyyətin inkişafına müsbət mənada təsir etməsindən danışıb. Beynəlxalq Kulinariya Çempionatında Lənkəranın ilk Kulinariya Komandasının 1-ci yeri qazandığını deyən icra başçısı dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse- prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində “Cənub mirvarisi” olan Lənkəran şəhəri UNESCO-nun “qastronomiya” tematikası üzrə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edildiyini bildirib. Taleh Qaraşov qeyd edib ki, layihəsi çərçivəsində kitabxana, muzeylər, qalereyalar və regionda fəaliyyət göstərən digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, eləcə də, şəhərin mədəniyyət potensialının artırılması və regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir: “Bu layinənin həyata keçirilməsinin topluma gələcəkdə rayonumuza daha çox turist sayının cəlb edilməsi fonunda müsbət iqtisadi təsirlərinin olacağını da söyləmək mümkündür”.