Ləj kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razılıqlarını ifadə ediblər
Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerli icra hakimiyyətlərinin başçıları əhalinin qayğı və problemlərinin öyrənilməsi, vətəndaşlarla birbaşa canlı və maneəsiz dialoqun qurulması və onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həlli üçün yerlərdə səyyar qəbul-görüşlər keçirirlər. Tərtib edilən qəbul cədvəlinə uyğun olaraq dekabrın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Ləj inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Canını torpaqlarımızın azadlığı uğrunda fəda edən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul-görüşdə iştirak edən vətəndaşların müraciətlərini həssaslıq, səbr və diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verib. Ləj sakinləri tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb. Taleh Qaraşov görüş zamanı çıxış edərək bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir. İcra başçısı əsası Ümummilli Lider tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövlətinin son dövrlərdəki inkişafında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu vurğulayıb. Taleh Qaraşov cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladaraq bildirib ki, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin yaranması zərurəti müasir dövrün tələbidir. İcra başçısı 44 günlük Vətən müharibəsindən və ondan sonrakı dövr ərzində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycan xalqı yumruq kimi dövlət başçısının ətrafında birləşməklə zəfərə imza atıb, bu gün azad olunan torpaqlarımız dirçəlir və Qarabağdakı quruculuq-bərpa işləri tamamilə Azərbaycan dövlətinin və xalqının maddi, eyni zamanda mənəvi gücü ilə həyata keçirilir.
Qəbul-görüşdə iştirak edən Ləj kəndinin sakinləri maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradılmasına görə icra başçısına təşəkkür ediblər. Yerli insanlar çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını vurğulayıblar.