LDU-da “Məzun günü” keçirilib
Milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi, təkminləşdirilməsi prosesində ali təhsil ocaqlarımızın danılmaz rolu var. Təhsil sahəsində aparılan islahatlar və Dövlət proqramları ümumilikdə milli təhsil sisteminin daha dayanıqlı olmasını, kadr potensialının artırılmasını, peşəkar müəllim kollektivinin daha da təkminləşdirilməsini təmin edib. İyulun 1-də Lənkəran Dövlət Universitetində təşkil olunan “Məzun günü”ndə bakalavriat səviyyəsində 26 ixtisas üzrə 784 nəfər, magistratura səviyyəsində 24 ixtisaslaşma üzrə 111 nəfər məzun adını qazanaraq formalaşmış kadr kimi gələcəkdə cəmiyyətin və dövlətin daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər. Dövlət himnimizin səslənməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. LDU-nun rektoru Natiq İbrahimov universitetin son illərdə təhsilin inkişafı istiqamətində uğurlarından, maddi-texniki bazanın əsaslı şəkildə yenilənməsindən, dünya standartlarına uyğunlaşdırılmasından danışıb. “Məzun günü”ndə müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunları təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, LDU rayonun və eləcə də ölkənin kadr potensialının formalaşmasında xüsusi yeri olan təhsil ocaqlarındandır. İcra başçısı son dövrlər LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması və kadrların müasir tələblərə cavab verməsi istiqamətində görülən kompleks işlərdən məmnunluğunu ifadə edib, bütün bunların ölkəmizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində mümkün olduğunu qeyd edib. Daha sonra təhsil dövründə fərqlənən məzunlar mükafatlandırılıb və universiteti fərqlənmə ilə bitirən bakalavr və magistrlara diplomlar təqdim edilib.