Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İstisu qəsəbəsinin şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

29 iyul 2022 | 16:10

Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən hər bir vətəndaşımızın xatirəsinin əbədiləşdirilməsi hər bir azərbaycanlının mənəvi borcudur, çünki torpağın dəyəri onun münbitliyi, yeraltı və yerüstü zənginlikləri ilə deyil, orada axıdılan şəhidlərin qanı ilə qiymətləndirilir, müqəddəsləşdirilir və anamız qədər aliləşdirilir. Başqa sözlə, torpaq və ərazi o zaman vətənə çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşır. Vətən müharibəsi təkcə milli birliyimizi təmin etmədi, eyni zamanda, insanların dövlətinə olan güvənini təkmilləşdirdi. Dövlət də, qədirbilən xalqımız da şəhidlərimizin adının əbədiləşdirilməsinə həssaslıqla yanaşaraq bu istiqamətdə üzərinə düşən bütün lazımi tədbirlərin görülməsini mütəmadi  həyata keçirir. İyulun 29-da Lənkəranın İstisu qəsəbəsindən Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan 12 qəhrəmanımızın xatirəsinə inşa olunan bulaq kompleksinin açılış mərasimi baş tutub. Bulaq kompleksinin açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova ilə birgə kəsib. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Natiq bildirib ki, bulaq kompleksinin açılışının şəhidimiz Zaur İsmayılzadənin doğum günündə baş tutması günün önəmini daha da artırır. İcra başçısı çıxışında Vətən üçün yaşayıb, onun üçün əbədiyyətə qovuşan, milyonların qəlbində taxt quran şəhidlərin qanları ilə haqsızlığa son qoyan, ədaləti bərpa edən, xalqın qürur və vüqarını özünə qaytaran, milyonların içindən seçilən, ölümsüzlüyə ucalan, silinməz və unudulmaz tarixə çevrilən ilahi varlıqlar olduğunu vurğulayıb. T.Qaraşov qeyd edib ki, şəhidlərimizin müqəddəs qanı axıdılan Qarabağ artıq öz əzəmətinə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində qovuşur, insanların doğma yurd-yuvalarına qayıtması Ağalı kəndinin timsalında artıq təmin olunub.

Qeyd edək ki, şəhid Zaur İsmayılzadə döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şüşanın azad olunmasına görə” medallarına laiq görülüb.

Şəhid anası Sevil Hüseynova çıxışında el-obasının insanlarına dərdinə, acısına şərik olduğuna görə minnətdarlığını ifadə edib. S.Hüseynova hər zaman dövlətin qayğı və diqqətini ən ali səviyyədə hiss etdiyi üçün və onu əsla yalnız saxlamadıqlarına görə dövlət başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib.

Çıxışlardan sonra məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, musiqi ifa olunub. Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar

Keçidlər