İndoneziyanın Azərbaycandakı səfiri Lənkərana səfər edib
26 yanvar 2023-cü il tarixdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hildi Hamid iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Lənkəranda səfərdə olub. Səfir səfər proqramı çərçivəsində öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından danışan icra başçısı ikitərəfli qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. T.Qaraşov xarici diplomatla rayonun İndoneziya ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb. İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin Lənkəranla qardaşlaşması barədə məsələyə toxunan icra başçısı bildirib ki, şəhərlərimizin qardaşlaşması gələcəkdə ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. T.Qaraşov rəsmi qonağa rayonun iqtisadi, turizm potenaialı barədə məlumat verib.
İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hildi Hamid səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edib, dövlətimizin başçısı cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirib və bu siyasətin İndoneziya-Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsindəki rolunu xüsusi qeyd edib. İndoneziyalı diplomat ölkələrinin Lənkəranla qarşılıqlı iqtisadi və mədəni əlaqələrin qurulmasında maraqlı olduqlarını və əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımların atılmasının mümkünlüyü barədə danışıb.
Daha sonra səfir Lənkəran rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları ilə görüş keçirib. Görüşdə istehsal məhsullarının qarşılıqlı alış-satışı barədə fikir mübadiləsi aparılıb, mövcud imkanlar müzakirə edilib.