I Qarabağ müharibəsi şəhidi Abbasov Mais Qurbanəli oğlunun xatirə gecəsi keçirilib
Vətənin bütövlüyü, dövlətin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin adının əbədiləşdirilməsi və xatirəsinin daim əziz tutulması hər zaman diqqət mərkəzində olub. Milli birlik və bərabərliyi ilə vətən sevgisinin simvolu olan şəhidlərimiz sahib olduğumuz ən dəyərli xəzinə kimi gələcək nəsillərimizə əmanətdir. Bu əmanəti laiqincə dövlətin və xalqın birliyinin gələcək müdafiəçiləri, qoruyucuları və təbliğatçılarına təslim etmək üçün şəhidlərimizin xatirəsini və mənəvi varlığnı canlı saxlamaq vətəndaşlıq borcumuz, qanları ilə torpaqlarımızın azadlığı uğrunda dastan yazan qəhrəman Vətən övladlarının qarşısında minnətdarlıq ifadəsidir. İyunun 30-da Lənkəran Mərkəzi Kitabxanasında şəhidimiz Abbasov Mais Qurbanəli oğlunun xatirəsinə təşkil olunan tədbir də eyni məqsəd və amala xidmət edib. Vətən sevgisini hər şeydən üstün tutan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə I Qarabağ müharibəsi şəhidimiz M. Abbasovun keçdiyi döyüş yolu, düşmən qarşısındakı əzmli duruşu və mübarizəsi barədə danışılıb. Bildirilib ki, Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant hərbiçi və döyüş yoldaşları üçün də mübarizə rəmzinə çevrilib. Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub.