Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qalıblar
Noyabrın 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
İcra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Taleh Qaraşov yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində və ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti üzrə mərkəzi qurumlara müraciətlər ünvanlandığını bildirib. İcra başçısının sözlərinə görə, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və şəhər İcra hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.
Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri sərbəst və könüllü müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar görüş-qəbuldan razılıqlarını ifadə ediblər. Yerli sakinlər sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.