“Heydər Əliyev İli” çərçivəsində Lənkəranda növbəti ağacəkmə aksiyası keçirilib
15 mart 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Lənkəranda növbəti ağacəkmə aksiyası keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən ağacəkmə kampaniyası Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Regional Ədliyyə İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Rayon Məhkəməsinin kollektivinin, rayonun ədliyyə qulluqçularının iştirakı ilə keçirilən aksiyada 100 sərv ağacı əkilib. Şəhərin Heydər Əliyev prospektində əkilən yeni ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Qeyd edək ki, ağacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.