Göyşaban və Ürgə kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar qəbul-görüşündən razı qaldılar
Oktyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün səyyar görüşlərin keçirilməsinin önəmindən danışıb. Bildirilib ki, vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan əsas tələblərdəndir. Taleh Qaraşov səyyar qəbulun tarixi günə- Müstəqilliyinin Bərpası Gününə təsadüf etdiyini vurğulayıb və bildirib ki, biz artıq qalib xalq kimi bütün bayramlarımızı qeyd edirik. Cənab Prezident İlham Əliyevin 15 oktyabrda Xankəndi şəhərində xalqa müraciəti barədə fikirlərini bölüşən icra başçısı qeyd edib ki, Dövlət Bayrağının əzəli və əbədi torpaqlarımızda qaldırması mühüm tarixi hadisə və dövlət başçısının Prezident səlahiyyətlərinə başlayarkən xalqa verdiyi sözün yerinə yetirilməsi idi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Cənab Prezident İlham Əliyev bütün verdiyi sözlər kimi bu sözünü də yerinə yetirdi, sözünün imzası qədər keçərli və qüvvətli olduğunu bir daha sübut etdi”.
Daha sonra Göyşaban və Ürgə kənd sakinlərinin qaldırdıqları bütün müraciətlər həssaslıqla dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə qurumlara rəsmi müraciətlərin ünvanlanması üçün nəzarətə götürülüb. T. Qaraşov heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib.
Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.