Girdəni kəndinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qalıblar
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Girdəni kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Taleh Qaraşov yerli insanlara ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətli qaldırılan bütün məsələlər müsbət həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb, bu barədə vətəndaşlara qanunamüvafiq qaydada və müddətdə məlumat verilib.
Səyyar görüş-qəbulda vətəndaşların maneəsiz, könüllü fikir və istəklərini rayon rəhbərliyinə çatdırmasına tam şəraitin yaradılıb. Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər onun şəxsi nəzarətindədir. İcra başçısıcənab Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq yerlərdə keçirilən səyyar görüş-qəbulların insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Yerli insanların qayğı və problemlərini dinləyən icra başçısı qaldırılan məsələlərin həlliylə bağlı səlahiyyətli şəxslərə tapşırıq və tövsiyələrini verib.
Girdəni kəndinin sakinləri də səmimi qəbuldan və qaldırdıqları məsələlərə həssas yanaşmadan razılıqlarını ifadə ediblər. Yerli sakinlər vətəndaş-məmur münasibətlərindən, qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasından, sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasından məmnun olduqlarını və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.