Bulaq kompleksinin açılışında iştirak edən Taleh Qaraşov ucqar dağ kəndi olan Alazəpin kəndində, Ürgə və Şiləvarda şəhidlərimizin məzarlarını ziyarət edib
Noyabrın 5-də Vətən müharibəsi şəhidlərimiz Hadiyev Raqim Teymur oğlu, İbadzadə Zabil Fikrət oğlu və Cəfərzadə Eşqin Hamlet oğlu anım günlərində dəfn olunduqları Alazəpin, Ürgə və Şiləvar qəbiristanlıqlarında ziyarət olunublar. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov öncə Ürgə kəndində şəhidimiz Zabil İbadzadənin bulaq kompleksinin açılışında iştirak edib. Daha sonra icra hakimiyyəti aparatının məsul şəxslərinin, şəhidlərin ailə üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə qəbir ziyarətləri baş tutub. Şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, ruhlarına hörmət və ehtiram ifadə olunub. Şəhid ailələrinin üzvləri ilə söhbət edən Taleh Qaraşov hər zaman onların yanında olduğunu bildirib. İcra başçısı şəhidlərimizin anım günlərində iştirakın, onların məzarını ziyarət etməyin insana mənəvi rahatlıq verdiyini vurğulayıb. İcra başçısı ictimaiyyətin şəhid qəbirlərinin ziyarətinə verdiyi önəm barədə danışaraq qeyd edib ki, bu, xalqın birliyinin, bərabərliyin göstəricisidir: “İnsanlarımızın Vətən müharibəsində göstərdiyi birlik Qələbəmizin rəhnini təşkil edib və bu gün şəhidlərimizə qarşı münasibətdə bu birliyi, bərabərliyi görürük. Qürur mənbəyimiz olan şəhidlər xalqımızın birlik rəmzinə cevrilib”. Taleh Qaraşov şəhidlərimizin canı, qazilərimizin qanı, əsgərlərimizin şücaəti ilə azad olunan torpaqlarımızda böyük quruculuq və bərpa işlərini XXI əsrin möcuzəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Qarabağ yenidən qurulur, ana təbiətə yeni nəfəs gəlir, torpaq 30 ilə yaxın müddətdə gözlədiyi əsl sahibi tərəfindən əkilib-becərilir. Şəhid valideynləri də icra başçısının şəhidlərimizə olan hörmət və ehtiramından razı qaldıqlarını ifadə ediblər. Bildirilib ki. havanın necə olmasından asılı olmayaraq, məsafənin yaxın və ya uzaq olmasına baxmayaraq, Taleh Qaraşovun istisnasız bütün şəhidlərimizin anım günlərində şəxsən iştirak etməsi Lənkəran ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya, hər zaman yanlarında olduqlarına, bütün müraciətlərinə həssas yanaşıldığına və özlərini yalnız hiss etməməkləri üçün yaradılan şəraitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Şəhidimiz R.Hadiyev ölümündən sonra dövlət başçımızın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimiz Z.İbadzadə döyüşlərdə göstərdiyi şücaətə görə cənab Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.
Vətən müharibəsi şəhidi E.Cəfərzadə ölümündən sonra dövlət başçımızın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!