Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Rəsulun adını daşıdığı məktəbdə xatirə lövhəsinin açılışı olub

12 sentyabr 2022 | 09:40

   Dövlətimizin başçısının xüsusi qayğı və diqqəti sayəsində torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın qorunması və müstəqilliyimizin bərpası uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi və adının əbədiləşdirilməsi diqqət mərkəzindədir. Sentyabrın 10-da Lənkəranın İstisu qəsəbəsində I Qarabağ müharibəsi şəhidi Qurbanov Rəsul Əbdülqəni oğlunun doğum günündə adını daşıdığı İstisu qəsəbə tam orta məktəbində xatirə lövhəsinin açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Cəfərzadə xatirə lövhəsinin açılışını edib. Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra icra başçısının müavini giriş nitqi ilə çıxış edib. Bildirilib ki, şəhidlər cəmiyyətimizdə ən ali insanlardır və onların xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin adının əbədiləşdirilməsi, habelə şəhid ailələrinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə bağlı göstərişləri Lənkəran ŞİH-nin gündəlik fəaliyyətinin tərkib hissəsidir. M.Cəfərzadə  qeyd edib ki, Rəsul kimi qəhrəmanlar gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi üçün canlı nümunələrdir:"Gənclərimizin milli ruhda və məfkurədə böyüməsi üçün şəhidlərimizin həyat və döyüş yollarının öyrənilməsi və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir".

  Şəhid bacısı Maral Qurbanova rayon rəhbərliyinə hər zaman şəhid ailələrinə ehtiramla yanaşdıqları və qaldırdıqları bütün məsələlərin həllinə köməklik etdikləri üçün minnətdarlığını ifadə edib. M.Qurbanova bildirib ki, Vətən müharibəsindəki qələbə ilə qardaşının da qisası alınıb və artıq qardaşının ruhu şaddır. "Gözü yaşlı anamın torpaqlarımızın düşmən əsarətindən azad olunmasından və oğlunun qisasının alınmasından sonra artıq üzü gülür" deyən şəhid bacısı dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından təşəkkürlərini və minnətdarlıqlarını ifadə edib. Çıxışlardan sonra İstisu qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şerlər səsləndirilib. Tədbirdən sonra Lənkəran ŞİH-nin başçısının müavini Mikayıl Cəfərzadə və yerli ictimaiyyətin nümayəndələri kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər. 

Keçidlər