Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Lənkərana səfər edib
İyulun 19-da Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy, Bakı Yeparxiyasının nəşriyyat şöbəsinin rəhbəri protoiyerey Aleksandr Astaşkin və Bakı Yeparxiyasının İctimai təşkilatlarla əlaqələr üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev Lənkəran şəhərinə səfər ediblər. Səfər çərçivəsində qonaqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüblər.
Taleh Qaraşov bildirib ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafına, bütün xalqların, dini icmaların birgə sülh və əmin-amanlıqla yaşamasına şəraitin yaradıldığı ölkədir. Lənkəranda rus icmasının fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verən icra başçısı qeyd edib ki, rayonumuzda milli, dini, irqi və digər sosial mənşəyindən asılı olmayaraq bütün insanlar bərabər, mehriban şəraitdə yaşayırlar.
Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu AleksiyRus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 30 may 2024-cü il tarixli iclasında qəbul edilən qərarı ilə ölkəmizdə fəaliyyətə başladığını, Azərbaycanla bağlı yüksək təəssüratda olduğunu vurğulayıb, ölkəmizdə dinlərarası dialoqun və ənənəvi dəyərlərin möhkəmləndirilməsi istiqamətində konstruktiv əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Lənkəran şəhərində Tanrıdoğuranın Himayədarlıq kilsəsini, “Cümə” məscidini, Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, İstisu qəsəbəsindəki çay plantasiyası və Xanbulançay su anbarı ilə tanış olublar.