Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Avropa İttifaqına üzv olan 12 ölkənin səfiri Lənkəranda olub

10 iyun 2023 | 11:10

    İyunun 9-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa İttifaqına  daxil olan 11 dövlətin (Almaniya, Belçika, İsveç, Niderland, Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, xorvatiya)  ölkəmizdəki səfirlərindən və diplomatlarından ibarət nümayəndə heyəti “Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər ediblər. Səfər zamanı qonaqlar bir sıra görüşlər keçirib və tədbirlərdə iştirak ediblər. Öncəliklə avropalı diplomatlar Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüblər. İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin Avropa İttifaqı və eləcə də quruma üzv olan dövlətlərlə ikitərəfli münasibətləri yüksələn xəttlə inkişaf edir. Taleh Qaraşov "Avropa şəhərciyi" tədbirini Aİ və Azərbaycan arasındakı münasibətlərin inkişafının məntiqi nəticəsi olaraq qiymətləndirib. Onun sözlərinə görə, sözügedən tədbir lənkəranlılara Aİ-ni və üzv ölkələrin mədəniyyətlərini, dəyərlərini tanımağa, öyrənməyə imkan verir. İcra başçısı rayon haqqında, onun turizm potensialı barədə xarici diplomatlara geniş  məlumat verib.

    Aİ səfiri Peter Mixalko qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Səfir bildirib ki, Aİ Azərbaycan hökumətini və cəmiyyətini bütün sahələrdə, iqtisadi böyümədə dəstəkləməyə, öz töhfəsini verməyə hazırdır. Avropalı səfir  regionun inkişafı üçün Aİ-nin müxtəlif layihələr həyata keçirdiyini ifadə edib. Peter Mixalko Aİ və Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıqdan da söz açıb. Onun sözlərinə görə, ötən il Avropada təhsil alan tələbələrin sayında və tələbə mübadiləsi proqramlarında iştirak edən müəllim və professorların sayında rekord rəqəmlər qeydə alınıb.

    Daha sonra avropalı diplomatlar Lənkəran Dövlət Universitetində tədbir keçiriblər. Universitetin rektoru Natiq İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağı barədə geniş məlumat verib. Universitetin xarici əlaqələri barədə danışan rektor deyib ki, LDU Aİ tərəfindən maliyyyələşdirilən bir neçə proqramda iştirak edir.

   Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəran Dövlət Universitetinin müəllimlərinin, tələbələrinin Avropa universitetlərində təhsil aldığını, mübadilə proqramlarında iştirak etdiklərini vurğulayıb. Qeyd edək ki, elə həmin gün gənc Avropalı səfirlər LDU-da tələbələrin Avropa universitetlərində təqaüd proqramlarında iştirakla bağlı təqdimatlar keçirib, təcrübələrini bölüşüblər.

   P.Mixalko çıxışında Aİ ilə Azərbaycan arasındakı əlaqələrə toxunub və bildirib ki,  Qarabağda minatəmzləmə sahəsində Azərbaycana ən böyük dəstəyi təmsil etdiyi qurum və ona üzv olan ölkələr verirlər. Onun sözlərinə görə, minatəmizləmə Aİ və eləcə də Azərbaycan hökuməti üçün prioritet məsələdir. Avropalı diplomat Azərbaycanla qarşılıqlı əməkdaşlığın genişləndiyini və dövrün tələblərinə uyğun olaraq yeni sektorların əlavə olunduğunu vurğulayıb. P.Mixalkonun sözlərinə görə, XXI  əsrin tələblərinə uyğun olaraq Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına zərurət var və hazırda sözügedən istiqamətdə işlər gedir.

    Daha sonra LDU-da xarici qonaqlarla EU4Lənkəran (Aİ Lənkəran üçün) layihəsinin benefisarları ilə görüş təşkil edilib. Mobillik müsabiqəsi üzrə qalib olan 5 lənkəranlı layihələri barədə təqdimat ediblər. Qeyd edək ki, qaliblər müxtəlif layihələr üzrə Avropanın ayrı-ayrı ölkələrində qısa müddətli təcrübələr keçəcəklər.

   Lənkəran ŞİH başçısı və avropalı səfirlərdən ibarət heyət gün ərzində EU4Lənkəran (Aİ Lənkəran üçün) layihəsinin benefisarı Rəftarə Şükürovanın “Citrus Valley” təsərrüfatına da baş çəkiblər. Fermer xanım qonaqları təsərrüfatı ilə tanış edib, bildirib ki, əsasən dövlət dəstəyi ilə yaratdığı təsərrüfatda müxtəlif meyvələrin əkini həyata keçirilir, eyni zamanda, əldə olunan məhsuldan müxtəlif növ qida və içki istehsal olunaraq satışa çıxarılır.

   Avropalı diplomatlar Lənkərana səfərləri çərçivəsində Lənkəran Tarix və Diyarşünaslıq muzeyini də ziyarət ediblər, nümayiş olunan eksponatlarla tanış olublar, muzey və Lənkəran tarixi barədə məlumatlandırılıblar.

   Zəngin səfər proqramı olan avropalı diplomatlar axşam saatlarında Latviya və İsveç səfirliklərinin Lənkəran Dövlət Dram Teatrında təşkil etdikləri tamaşaya da baxış keçiriblər. Yazıçı İsmayıl İmanın “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesinin səhnələşdirildiyi tamaşanı xarici diplomatlar və yerli ictimaiyyətin nümayəndələri maraqla qarşılayıblar.

   Daha sonra xarici diplomatlara rəsmi ziyafət verilib. Qeyd edək ki, “Avropa şəhərçiyi” tədbiri iyunun 10-da səhər saatlarından başlayaraq Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada davam etdiriləcək.

Keçidlər