AMEA-nın prezidenti ilk dəfə regional elmi mərkəzin illik hesabatının müzakirəsində iştirak edib
14 yanvar 2023-cü il tarixdə Lənkəran Regional Elmi Mərkəzində illik hesabat yığıncağı keçirilmişdir.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə, Akademiyanın Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Lənkəran rayonunun elm və ali təhsil ictimaiyyətinin, eləcə də aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Sonra İkinci Qarabağ müharibəsinin şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Mahsun Bağırzadənin Mərkəzdəki barelyefi önünə tər qərənfillər düzülüb.
Hesabat iclasını giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli builki hesabatın əlamətdar tarixə təsadüf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nin başladığı vurğulanaraq bildirilib ki, Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev dövlətçilik ideaları və müasir dövr” mövzusunda keçirilmiş elmi konfransla Akademiyada “Heydər Əliyev İli” tədbirlərinə start verilib. “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin AMEA-nın regionlarda fəaliyyət göstərən elmi bölmə və mərkəzlərində də təşkil olunacağını nəzərə çatdırıb, Lənkəran Regional Elmi Mərkəzində keçiriləcək tədbir barədə müvafiq tapşırıqlar verib. Sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2022-ci il üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən Elmi Mərkəzin baş direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev Prezident İlham Əliyevin son illər aqrar sahəyə göstərdiyi xüsusi diqqətin, digər sahələr kimi çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi sərəncamların, qəbul edilən Dövlət Proqramlarının bu sahələrin intensiv inkişafı üçün geniş imkanlar açdığını bildirib.Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək icra başçısı Taleh Qaraşovun salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ölkə rəhbərliyi tərəfindən bütün regionların, o cümlədən Lənkəran şəhərinin inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Regionun elmi qurumuna diqqətinə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən Mikayıl Cəfərzadə Lənkəranda elm və ali təhsil qurumları arasında qarşılıqlı əlaqələrin inkişafına bundan sonra da böyük əhəmiyyət veriləcəyini bildirib. Eyni zamanda regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, eləcə də 2018-ci ildə çayçılıq, sitrusçuluq və çəltikçiliklə bağlı qəbul edilən Dövlət Proqramlarının Lənkəran rayonunda icra vəziyyəti və gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, təklif və mülahizələr irəli sürülüb.
Tədbirdən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Lənkəran Regional Elmi Mərkəzinin təcrübə-sınaq sahəsi ilə tanış olub və həmin sahənin imkanlarının daha da genişləndirilməsi ilə əlaqədar məsələləri müzakirə ediblər. Sahədə yetişdirilən, region üçün xarakterik olan yeni sortların çoxaldılması üçün müvafiq tapşırıqlar verilib.