ABŞ-nin ölkəmizdəki Müvəqqəti işlər vəkili Lənkəranda səfərdə olub
2 mart 2023-cü il tarixdə ABŞ-nin ölkəmizdəki Müvəqqəti işlər vəkili Hüqo Qevara Lənkəran şəhərində səfərdə olub. Müvəqqəti işlər vəkili səfər proqramı çərçivəsində öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Lənkəran ŞİH-nin başçısı rayon haqqında xarici diplomata məlumat verib. Taleh Qaraşov Lənkəranın tarixi, coğrafi mövqeyi, təbiəti, iqtisadi və turizm potensialı barədə amerikalı qonağı geniş şəkildə məlumatlandırıb. Tarixi İpək Yolu üzərində yerləşən rayonun iqtisadi, təhsil və mədəni sahələrdəki uğurları haqqında danışan icra başçısı bildirib ki, Lənkəran 2024-cü ildə “Gənclər paytaxtı” elan olunub, qastronomiya sahəsi üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Bundan başqa, kulinariya komandamız Livanda keçirilən Beynəlxalq Kulinariya Çempionatının qalibi olub. Lənkəranın iqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyini söyləyən Taleh Qaraşov bildirib ki, son dövrlərdə rayonun iqtisadiyyatının turizmdən gələn gəlirlər hesabına daha da möhkəmləndirilməsi, istehsal və emal sahələrinin inkişaf etdirilməsi prioritet təşkil edir.
Hüqo Qevara Azərbaycan daxilində ikinci səfərini məhz cənub regionuna etdiyini vurğulayıb. Amerikalı diplomat rayonun turizm potensialını yüksək qiymətləndirib. H.Qevara ölkələrimiz arasındakı uğurlu diplomatik əlaqələrin mövcudluğundan məmnunluğunu ifadə edib.
Daha sonra diplomat LDU-da Amerika Guşəsi və Gənclərin Texnoloji İnnovasiyaları layihəsinin iştirakçıları ilə görüşüb.