İcra başçısının Aşağı Nüvədi qəsəbəsində səyyar qəbul görüşü keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş oktyabrın 3-də rayonun Aşağı Nüvədi qəsəbəsində baş tutub.
İcra hakimiyyəti aparatının, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətandaşların müraciət və təklifləri dinlənilib.
Qəbul zamanı sakinlər qaldırdıqları məsələlərlə yanaşı ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlərə və mədəni-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə ölkənin hər yeri kimi Lənkəran şəhəri, rayonun qəsəbə və kəndləri də sürətlə inkişaf edir. Bu inkişafın Aşağı Nüvədi inzibati ərazi vahidliyində də göz önündə olduğu, ərazidə infrastrukturun sürətlə yeniləndiyi, qəsəbə yollarının asfaltlanması, kənd təsərrüfatı işlərinin artması, əkin sahələrinin genişlənməsi, yeni yeni turizm-istirahət və iaşə obyektlərinin istifadəyə verilməsi ilə çoxlu iş yerlərinin açılması dövlətin vətəndaşlara göstərdiyi qayğının nümayişi kimi diqqətə çatdırılıb.
Görüşün sonunda İcra başçısı vərəndaşların qaldırdıqları təklif və müraciətlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.