İcra başçısının Hirkan qəsəbəsində səyyar qəbul görüşü keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 11-də rayonun Hirkan qəsəbəsində keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüş zamanı İcra başçısı sakinləri dinləyərək onların problemləri ilə maraqlanıb.
Qəbul zamanı sakinlər son illərdə Lənkəran rayonunda və Hirkan qəsəbə inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı görülən işlərə və Hirkan-Daşdatük-Biləsər magistral avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, inzibati ərazi dairəsində kənd təsərrüfatı işləri sürətlənib. Aqrar sahədəki bu inkişaf cari ildə də davamlı olub. Ərazidə 86 hektar məhsuldar çay sahəsində 60 nəfər qəsəbə sakini daimi işlə təmin olunub. Sitrusçuluğun inkişafına da diqqət göstərilir. Hazırda pay torpağı sahələrində 25 hektar feyxoa və 16 hektar naringi bağları var. Yeni sitrus bağlarının salınması da nəzərdə tutulub. Heyvandarlıq da sürətlə inkişaf etməkdədir. Bu məqsədlə şəxsi təsərrüfatlarda 427 baş iribuynuzlu və 179 baş xırdabuynuzlu mal-qara, 1358 ev quşları, 274 arı ailəsi saxlanılır. Heyvanlar üçün nəzərdə tutulmuş peyvənd işlərinin vaxtında həyata keçirilməsi də diqqət mərkəzindədir. Bundan başqa bu il qəsəbə ərazisində 10 hektar çəltik əkini də keçirilib.
Görülmüş işlərlə yanaşı, Hirkan qəsəbə inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı bir sıra təkliflər irəli sürülüb.
İcra başçısı verilən təkliflərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.