İcra başçısının Viravul kəndində səyyar qəbul görüşü keçirilib
29 avqust 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Viravul kənd sakinləri görüşüb. İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılmaqla inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.
Görüşdə çıxış edən sakinlər son illərdə Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar kənddə evlərin kütləvi şəkildə qazlaşdırılmasının, elektrik təsərrüfatının yenilənməsinin, gündəlik olaraq istifadə etdikləri magistral yolun yenidən asfaltlanmasının dövlətin öz vətəndaşlarına əvəzsiz qayğısı kimi hər bir ailəyə sevinc və rahatlıq gətirdiyini bildiriblər. Qeyd olunub ki, məhz bu qayğıdan ruhlanaraq sakinlər cari ildə 133 ha taxıl, 280 ha tərəvəz, 30 ha kartof, 57 ha bostan bitkiləri və digər əkinlər keçiriblər. Şəxsi təsərrüfatlarda xırdabuynuzlu heyvanların sayı 3900-ə, iribuynuzlu mal-qaranın sayı 1000 başa çatdırılıb. Bu il kənddə ilk dəfə olaraq barama saxlanılmasına başlanmış və 60 kq yüksək keyfiyyətli barama məhsulu istehsal olunub.
Görüşün sonunda İcra başçısı Veravul çayı boyunca sahilbərkitmə işlərinin görülməsi, Viravul kənd 2 saylı orta məktəbinin yeni binasının tikintisi və kəndin mərkəzi yolunun əsaslı təmiri barədə sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması barədə aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.