LƏNKƏRANDA “MİLLİ TƏHLÜKƏSİZLİYƏ ƏSAS TƏHDİDLƏRDƏN BİRİ - DİNİ EKSTREMİZM” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
Avqustun 17-də Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran, Astara, Masallı,Yardımlı və Lerik rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturların rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbir DQİDK-nin sifarişi ilə çəkilən Azərbaycanın ərazi bütövlüyü uğrunda və Aprel döyüşləri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.
Daha sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək belə bir tədbirin Lənkəranda keçirilməsinə görə minnətdarlığını bildirib. Natiq Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu, rayonda yaşayan müxtəlif millətlər arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
DQİDK-nin sədr müavini Səyavuş Heydərov təmsil etdiyi qurumun tabeliyində İlahiyyat İnstitutu və Mənəvi DəyərlərinTəbliği Fondunun yaradılmasını, din xadimlərinin həyat səviyyəsinin və maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsini cənab Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə və digərləri çıxışlarında insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün sağlam dini bilgilərə yiyələnmələrinin, bu istiqamətdə maarifləndirmə tədbirlərinin ardıcıl davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.