Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 5-də Lənkəranda Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı Dövlət Komitəsinin sədrinə müraciət ediblər.Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumlara tapşırıqlar verilib.