LƏNKƏRANIN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ SON ZƏNG ÇALINDI
İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunun ümumtəhsil məktəblərində də növbəti dərs ilinin başa çatdığını bildirən son zəng çalındı. Bu münasibətlə keçirilən tədbirlərdə iştirak edən məzunlar, müəllimlər, məktəb rəhbərləri, valideynlər, şəhər İcra hakimiyyətinin rəsmiləri, habelə yerli icra orqanlarının nümayəndələri son zəngin sevincini məzunlarla birgə yaşadılar.
Hazırda rayonumuzda 86 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onların 71-i tam orta, 13-ü ümumi orta, 2-si isə ibtidai məktəblərdir.
2017-2018-ci tədris ilində rayonumuzda 1728 nəfər 11-ci sinifləri, 2303 nəfər 9-cu sinifləri, 3443 nəfər isə birinci sinifləri bitirib.
Son zəng tədbirlərində çıxış edən onbirincilər onların hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirib, Azərbaycanımıza, doğma yurda, el-obaya layiqli vətəndaş olacaqlarına söz veriblər.
Qonaqlar və rəsmilər də məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıblar.
Rayonda son zəng tədbirləri Təhsil Nazirinin əmrinə əsasən yalnız məktəblərdə keçirilib.