Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir
24 may 2018-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Məktəbli-gənclərin iştirak etdiyi tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova bildirmişdir ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə, gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.
Daha sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş video çarx iştirakçılar tərəfindən maraqla izlənilmişdir.
Tədbir şəhər 1 saylı orta məktəbin şagirdlərinin ifasında şeir nümunələri və Mərkəzin rəqs hazırlıq kursunun uşaqlarının ifasında bir-birindən maraqlı rəqs nümunələri ilə yekunlaşmışdır.