HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Noyabrın 16-da Heydər Əliyev Mərkəzində 17 noyabr Milli dirçəliş gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirə rayonda fəaliyyət göstərən Humanitar və Tibb kolleclərinin tələbələri, rayonun gənc fəalları, təhsil işçiləri və KİV nümayəndələri qatılmışdır. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq iştirakçıları Milli dirçəliş günü münasibətilə təbrik etmiş, onlara təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Mərkəzin bələdçisi Fatma Məmmədova “Heydər Əliyev və xalqın azadlıq tarixi” mövzusunda geniş məruzə etmişdir. F.Məmmədova bildirmişdir ki, tarixi faktlar göstərir ki, erməni şovinistləri daim Azərbaycan xalqına, türk millətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirmiş, torpaqlarımızı qəsb etmək üçün çalışmışdır. Bədxah qonşularımızın bu niyyətləri sovet hakimiyyəti illərində xüsusilə amansız hal almışdır. Belə ki, 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan soydaşlarımız öz doğma torpaqlarından zorla qovulmuş, erməni daşnaqları dövlətimizin sərhəd xəttini pozaraq torpaqlarımızı işğal etməyə çalışmışdır. Belə bir vəziyyətdə yüz minlərlə azərbaycanlı o vaxtkı Sovet rəhbərliyinə və erməni millətçilərinin vəhşiliklərinə etirazını bildirmək üçün meydanlara axışaraq müstəqillik və azadlıq uğrunda birlik nümayiş etdirmiş, işğalçılara qarşı hərəkat başlatmışdır. Noyabr ayının 17-də isə bu hərəkat fəaliyyətinin ən yüksək zirvəsinə çatmışdır. Məhz həmin gün xalqımızın tarixində milli-azadlıq hərəkatı kimi qiymətləndirilmiş və ölkəmizin istiqlaliyyət qazanmasında əsas amil sayılmışdır. Məruzəçi qeyd etmişdir ki, milli-azadlıq hərəkatı xalqın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında birləşərək nəhayət dövlət müstəqilliyinə nail olmuşdur. Müstəqilliyin ilk vaxtlarından dövlətimizin sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əminamanlıq bərpa edilmiş, ictimai-siyasi sabitliyə nail olunmuşdur.
Daha sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir. Lənkəran ŞİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmməd Səfərov, Humanitar Kollecin tələbə gənclər təşkilatının sədri Sultanxanım Sadıqzadə, Tibb Kollecinin tələbə gənclər təşkilatının sədri Günel Əliyeva Milli dirçəliş günü ilə bağlı düşüncələrini bildirmişlər.
Tədbirdə həmçinin şəhər 1 saylı tam orta məktəbinin aşağı sinif şagirdləri Vətənə, millətə həsr edilmiş şeirlər söyləmişdir.
Sonda iştirakçılara Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunmuşdur.