Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda aqrar sahəyə özəl investisiya qoyuluşu artır

08 may 2018 | 16:00

7 may 2018-ci il tarixdə “Fruit Garden” MMC-nin Lənkəran rayonunun Separadi kəndində yeni salınan sitrus bağına baxış keçirilib. Baxışda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun kənd təsərrüfatına aid təşkilatlarının rəhbər işçiləri və  mütəxəssisləri, fermer təsərrüfatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
     Tədbirdə çıxış edən İcra başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin yerli iqtisadi sahələrə özəl investisiyaların cəlbi ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Lənkəran rayonunda da təxirəsalınmaz tədbirlər görülür, iş adamları ilə əlaqə saxlanılır və konkret təkliflərlə onlar rayona dəvət olunurlar.  Yaradılmış əlverişli şəraitdən ruhlanan imkanlı iş adamları artıq doğma yerlərinə  qayıtmağa və iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sahəyə investisiya qoyuluşuna həvəslə qoşulurlar. Son vaxtlar rayonda çayçılığın, çəltikçiliyin, sitrusçuluğun, meyvəçiliyin və tərəvəzçiliyin inkişafına diqqət  daha da artırıb. İndi isə daha bir iş adamı, “Fruit Garden” şirkətinin təsisçisi Qurbanov Azər Davud oğlu rayonun Separadi kəndi ərazisində istifadəsiz qalmış torpaq sahəsində ümumi həcmi 7,7 milyon manat olan layihə çərçivəsində limon, mandarin və greypfrut bitkilərindən ibarət sitrus plantasiyası  salmağı qərara alıb. İş adamının təşəbbüsünü alqışladığını və layihənin iqtisadi əhəmiyyətini  xüsusi vurğulayan İcra başçısı təsərrüfatda normal iş ahənginin qurulmasından ötrü şəhər İcra hakimiyyəti tərəfindən bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.  
     İş adamı Azər Qurbanov təsərrüfatda birinci mərhələdə görülən işlərə artıq 2 milyon manat vəsaitin xərcləndiyini, 150 ha torpaq sahəsinin müxtəlif təyinatlı texnikalarla 2 dəfə şumlanaraq hamarlandığını, xüsusi texnika vasitəsilə cərgələrin hazırlandığını və əkinə başlandığını bildirib. O qeyd edib ki, əkin üçün Türkiyədən hələlik 92 min ədəd ting gətirilib. İndiyə qədər 10 hektar sahədə ağac əkini həyata keçirilib. Yeni əkilən ağacların damcı üsulu ilə suvarılmasından ötrü Türkiyə şirkəti tərəfindən təsərrüfatda suvarma qurğuları quraşdırılır. Boyu 0,7-1 metr olan tinglər qidalı torpaqla doldurulmuş polietilin dibçəklərdə becərildiyindən onların yanma ehtimalı çox azdır. Respublikada ilk dəfə olaraq qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salacaq, dəyəri 2 milyon 200 min dollar olan  “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq quraşdırılacaq. Bundan əlavə şirkət rayonun Şağlaser kəndində özünə məxsus torpaq sahəsində Türkiyə Respublikasından gətirilmiş məsuldar qoz tinglərindən 4 hektarda bağ salıb. Hazırda təsərrüfatda 120 nəfər yerli sakinin çalışdığını, yaxın gələcəkdə sitrus bağlarının 500 hektara çatdırılacağını və daha 300 yeni iş yerinin yaradılacağını əminliklə bildirən iş adamı sahibkarlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
  

 

 

 

Keçidlər