LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLDİ
Noyabrın 13-də Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi.
İclası giriş sözü ilə açan Şuranın sədri Taleh Qaraşov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.
Şura iclasında iki məsələ müzakirə edildi.
Birinci məsələ barədə - “Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasının vəziyyəti və “2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə” şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın 2012-ci il 10 avqust tarixli qərarının icrası haqqında” Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri – Möhübbət Babayevin məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə elektrik şəbəkəsinin rəisi Məqatil Yunusov, qaz-istismar sahəsinin baş mühəndisi Azad Babayev, şəhər mənzil-istismar və kommunal müəssisələri idarəsinin rəisi Məhərrəm Məmmədov və şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova çıxış etdilər, payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verdilər.
Müzakirə olunan birinci məsələyə münasibətini bildirən ŞİH-nin başçısı Taleh Qaraşov qeyd etdi ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda xeyli iş görülmüşdür. Bu, müvafiq təşkilatların rəhbərlərini arxayınlaşdırmamalı, işlər daha da sürətləndirilməlidir. Əhalini təbii qazla, dayanıqlı elektrik enerjisi, içməli su və istiliklə təchiz etmək, payız-qış mövsümünü lazımi səviyyədə keçirmək üçün əlaqədar strukturların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı xüsusi tapşırdı ki, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, bütün idarə, müəssisə və təşkilatlarda nümunəvi şərait yaradılmalı, məktəblərdə, bağçalarda payız-qış mövsümü ilə əlaqədar hazırlıq tədbirlərinə diqqət daha da artırılmalıdır. Şəhərin su-kanalizasiya sistemində mövcud problemlər aradan qaldırılmalı, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün imkanlardan səmərəli istifadə edilməli, əhaliyə göstərilən kommunal xidmətin səviyyəsi yaxşılaşdırılmalıdır.
Taleh Qaraşov daha sonra şəhərimizin görkəmini, simasını daha da gözəlləşdirmək məqsədilə mövcud park və xiyabanlarda, bağlarda, istirahət guşələrində yerli ağac və gül sortlarının əkilməsinin zəruriliyini diqqətə çatdırdı. O qeyd etdi ki, bundan ötrü rayonun xüsusiyyətləri, torpaq örtüyü və münbitliyi nəzərə alınmalıdır. Bu məqsədlə rayonumuzda kütləvi ağacəkmə kampaniyasını keçirmək üçün yaşıllaşdırma aylığı barədə sərəncamın hazırlanacağını söyləyən Taleh Qaraşov əlavə etdi ki, şəhərimizin çoxmərtəbəli yaşayış məntəqələrinin ərazisində səliqə-səhman yaradılmalı, antisanitariya vəziyyəti aradan qaldırılmalıdır.
İkinci məsələ - “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirlinin məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova və başqaları çıxış etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan ikinci məsələnin də aktuallığını iclas iştirakçılarının diqqətinə çatdıraraq qeyd etdi ki, hər bir məktəbin, müəllimin məsuliyyəti artırılmalı, şagirdlərin təhsildən yayınması hallarının və azyaşlıların məcburi əməyə cəlb edilməsinin qarşısı ciddi şəkildə alınmalıdır.
İcra başçısı sonda ŞİH müvafiq komissiyası tərəfindən bu sahəyə diqqətin artırılmasını, məktəblərdə mütəmadi tədbirlərin keçirilməsinə xüsusi önəm verilməsini və azyaşlıların məcburi əməyə cəlb edilməsinin qarşısını almaq üçün obyektlərdə reydlərin keçirilməsini tapşırdı və müvafiq tövsiyələrini verdi.
Şura iclasında müzakirə olunan hər iki məsələ ilə əlaqədar qərar qəbul edildi.