“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinin iştirakçıları olan bir qrup məktəbli Lənkərana gəlib
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən 9-cu maarifləndirici tur-aksiyanın martın 26-dan 29-dək olan növbəti mərhələsinə start verilib. Bu gün Mingəçevir, Naftalan, Sumqayıt şəhərlərindən və Xızı, Siyəzən, Şabran, Laçın, Qubadlı, rayonlarından olan bir qrup məktəbli Lənkərana gəlib. Onları Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva və pedaqoji ictimaiyyətin nümayəndələri qarşılayıb.
Tur-aksiyanın iştirakçıları Lənkəran şəhəri ilə tanışlıq çərçivəsində əvvəlcə Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına və Gənclər Mərkəzinə ekskursiya ediblər.
Martın 27-də isə onlar şəhərin “Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev- muzeyinə, Dairəvi qalaya, Mayak binasına baxış keçirəcək, rayonun tarixi məkanları, yeni tikililəri ilə yaxından tanış olacaq, həmçinin Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyalarına, sitrus meyvə bağlarına baş çəkəcəklər.
Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün konsert proqramları təşkil ediləcək.