Lənkəranda təntənəli Novruz şənliyi keçirilib
Martın 19-da Lənkəran şəhərində Dəmiryol vağzalının qarşısındakı bayramsayağı bəzədilmiş meydanda təntənəli Novruz şənliyi keçirilib. Şənlikdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Minlərlə lənkəranlının maraqla izlədiyi bayram şənliyində tonqal qalanmış, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilmişdir. Bəzəkli faytonda meydana daxil olan Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri, Dədə Qorqudun milli-mənəvi dəyərlər barədə ibrətamiz müraciəti tamaşaçılara xoş ovqat bəxş edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlikdə çıxış edərək lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib. İcra başçısı çıxışında milli-mənəvi dəyərlərimizin ən gözəl nümunələrindən olan, dostluq və həmrəylik rəmzi kimi qəbul edilən Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, bu bayramın hər bir ailəyə, hər kəndə, şəhərə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb. Natiq builki Novruzun xalqımızın taleyində çox əlamətdar hadisələrlə zəngin, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi, Vətənimizin hər bir guşəsinin inkişafı sahəsində parlaq nailiyyətlərin qazanıldığı, dinc həyatın, əminamanlığın və möhkəm siyasi sabitliyin hökm sürdüyü bir dövrdə bayram edilməsinin hər bir vətəndaş üçün qürurverici olduğunu xüsusi vurğulamış və bütün lənkəranlılara bayram sevinci arzulamışdır.
Şənlikdə idmançıların nümunəvi çıxışları olmuş, gənc rəssamların əsərlərindən, xalq sənətkarlığının və milli mətbəxın ən yaxşı nümunələrindən ibarət müxtəlif sərgilər nümayiş olunmuşdur.