İCRA BAŞÇISININ RVO KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLİB
Martın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Rvo kəndində keçirib.
Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin və yerli sakinlərin iştirak etdikləri tədbirdə T.Qaraşov kənd əhalisini salamlayaraq onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, xoş və səmimi arzularını çatdırıb.
İcra başçısı çıxışında ölkəmizdə hökm sürən siyasi sabitliyin, dinamik inkişafın Ümummilli Lider Heydər Əliyev siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən regionlarda, o cümlədən Lənkəran rayonunda əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Natiq çıxışında həmçinin Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramlarının qəbul edildiyini qeyd edərək bu üç sənədin Rvo ərazi vahidliyi sakinlərinin də həyatında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən yerli sakinlər İcra başçısına Rvo kəndinə növbəti dəfə gəldiyinə və əhali ilə səmimi görüş keçirdiyinə görə razılıqlarını çatdırıblar. Çıxışlarda həmçinin ötən ilin oktyabr ayında sel sularının yuduğu Lənkərançay üzərindəki körpünün yenidən tikilərək istifadəyə verildiyi bununla Əşlə, Mollakənd, Siyobili və Rvo kənd sakinlərinin Lənkəran-Lerik avtomobil yoluna çıxışının təmin edildiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ŞİH-nin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Görüşü yekunlaşdıran İcra başçısı T.Qaraşov Rvo inzibati ərazi dairəsinin sosial-iqtisadi problemlərinin həlli üçün nəzərdə tutulan tədbirləri qeyd etməklə bərabər bu sahədə həllini gözləyən məsələlərin həyata keçirilməsi üçün əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.