İcra başçısı sahibkarlarla görüşüb
06 mart 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayon sahibkarları ilə görüşüb. Görüşdə çıxış edən İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrində sahibkarlıq subyektlərinin də sanballı payı olduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, məhz cənab Prezidentin təşəbbüsü ilə ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına sahibkarlıq fəaliyyəti geniş vüsət almış, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılmış, istehsal müəssisələri tikilib istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Natiq qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq etmiş, nəticədə ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artmış, sənaye ilə yanaşı kənd təsərrüfatında da sahibkarlığın inkişafına geniş imkanlar yaranmışdır. Dövlət tərəfindən tətbiq olunan güzəştlərin, kənd əməkçilərinə verilən kredit və subsidiyaların torpağın becərilməsinə marağı artırdığını, bu sahəyə investisiya qoyuluşunun çoxaldığını bildirən İcra başçısı cənab Prezidentin kənd təsərrüfatının ayrı-ayrı sahələri, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı imzaladığı sərəmcamların, təsdiq etdiyi Dövlət Proqramlarının rayonda aqrar sahədə sahibkarlığın inkişafına güclü təkan olacağını, göstərilən sahələr üzrə yeni layihələrin icrasına investisiya qoyuluşunun dəfələrlə artacağını, bunun sayəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması hesabına yeni iş yerlərinin açılmasına və “Made in Azerbaijan” brendi ilə məhsul istehsalının artmasına, əldə olunan gəlirin çoxalmasına əlverişli imkanların yaranacağını diqqətə çatdırmışdır.
Görüşdə çıxış edən sahibkarlar onlara yaradılan əlverişli biznes mühitinə və işgüzar şəraitə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirməklə onun həyata keçirdiyi siyasi kursu daim dəstəkləyəcəklərini ifadə ediblər.