Lənkəran rayonunda yeni inşa edilmiş modul tipli F.İbrahimov adına Siyavar kənd tam orta məktəbi binasının açılış mərasimi keçirilib
Lənkəran rayonunda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində tədbirlər davam etdirilir. Rayonun ucqar kəndlərində köhnə, yöndəmsiz binalarda yerləşən məktəblər üçün təzə binalar tikilir. Rayonun Siyavar kəndində də uyğunlaşdırılmış köhnə binada yerləşən məktəbin yerində yeni modul tipli məktəb binası tikilib istifadəyə verilib. Martın 2-də təzə məktəbin açılış mərasimi keçirilib. Müəllim və şagird kollektivi ilə yanaşı valideynlərin də böyük sevincinə səbəb olmuş təzə məktəbin açılışında Lənkəran ŞTŞ-ın müdiri Aslan İbrahimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən müəllim və valideynlər gənc nəslin təlim-tərbiyəsinə və sağlam böyüməsinə göstərilən davamlı diqqət və qayğıya görə ölkə başçısı, cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.