Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI ŞAĞLASER KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİB

02 mart 2018 | 16:00

Martın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Şağlaser kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirib. 
        İcra hakimiyyəti rəsmilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərlərinin və yerli sakinlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ŞİH başçısının Şağlaser ərazi vahidliyi üzrə nümayəndəsi Samid Ağayev son dövrlər ərazidə sosial-iqtisadi inkişafla bağlı görülən işlərdən, o cümlədən kəndara yollarının təmirindən, əhalinin fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təchizatından, torpaq adamlarına dövlət tərəfindən subsidiyaların verilməsindən və digər məsələlərdən danışıb.
       Yerli sakinlərdən Məmi Nəsirov, Zabil Hacıyev, Qüdrət Şahbazov, Oruc Həbibov və digərləri çıxış edərək icra başçısına Şağlaser kəndinə növbəti dəfə gəldiyinə və əhali ilə səmimi görüş keçirdiyinə görə razılıqlarını bildiriblər. Vurğulanıb ki, bu kəndlərdə yaşayan əhalinin əsas məşğuliyyəti heyvandarlıq, tərəvəzçilik, sitrusçuluqdur. Əvvəllər Lənkəran-Boradigah şose yolu bərbad vəziyyətdə olduğundan sakinlər fərdi təsərrüfatlarında istehsal etdikləri məhsulu bazarlara çıxarmaqda, eyni zamanda gündəlik tələbat mallarını almaqda problemlərlə üzləşir, böyük əziyyət çəkirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkədə sosial məsələlər həllini tapdıqca insanların rifah halı gündən-günə yaxşılaşır. Lənkəran-Boradigah şosesi də əsaslı tikilərək əhalinin istifadəsinə verilib. Bu rahatlığa görə bütün sakinlər adından cənab Prezidentə bir daha minnətdarlıq ifadə olunub.
     Qeyd olunub ki, ərazi vahidliyinin Şağlaser, Xarxatan və Cil kəndlərində yeni tipli orta məktəb binaları inşa olunub. Sakinlər həmçinin Cil kəndində həkim ambullatoriyasına ehtiyac duyulduğunu da icra başçısının diqqətinə çatdırıblar.
       Görüşdə İcra başçısı Taleh Qaraşov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri, həyata keçirilən beynəlxalq və respublika əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, həyata keçirilən mühüm tədbirlərlə ölkənin iqtisadi inkişafı gücləndikcə yol infrastrukturu ilə yanaşı, yeni məktəblərin, xəstəxana və idman obyektlərinin tikintisi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr də uğurla icra olunur. Eyni zamanda aqrar sektorun inkişafı ilə əlaqədar möhtərəm Prezidentin tapşırığına uyğun olaraq kənd təsərrüfatının rayonumuz üçün əlverişli olan sitrusçuluq, çayçılıq və çəltikçiliyin inkişafında böyük irəliləyişlərin olduğunu qeyd edən icra başçısı gələcəkdə də bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini, ölkədə ərzaq bolluğunun yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, sosial rifahının yaxşılaşdırılmasına hər cür köməklik olunacağını diqqətə çatdırıb.
     İcra başçısı bir müddət öncə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət proqramlarının qəbul edildiyini vurğulayaraq, hər üç sənədin Şağlaser ərazi vahidliyi sakinlərinin də sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib.
     Görüşün sonunda T.Qaraşov sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

 

 

Keçidlər