MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI
Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının növbəti ildönümü münasibətilə Lənkəranda anım mərasimi keçirilmişdir. Əsgər Əliyevin adını daşıyan istirahət bağında keçirilmiş tədbirə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, təhsil işçiləri, şəhərin N saylı hərbi hissəsinin zabit və əsgər heyəti, məktəblilər və ictimaiyyətin nümatəndələri qatılmışdır.
Əvvəlcə iştirakçılar Milli Qəhrəmanın istirahət bağında yerləşən büstünü ziyarət etmiş, qarşısına çiçək dəstələri düzmüşlər. Mərasimi Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov açaraq Milli qəhrəmanın həyat və döyüş yolundan danışmışdır. Ə.Əliyevin Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərdən və qəhrəmancasına şəhid olmasından bəhs etmişdir.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək torpaqlarımızın müstəqilliyi uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulamış, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışmışdır.
Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa etmişlər.
Daha sonra Milli qəhrəmanın bitirdiyi Ləj kənd tam orta məktəbinin müəllimi Akif xalıqov çıxış edərək Ə.Əliyevin məktəb illərinin xatirələrindən danışmış, hələ azyaşlı olarkən onda cəsurluq və mərdlik xüsusiyyətlərinin olduğunu bildirmişdir.