Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Lənkəranda “Xocalı-yaddaşlardan silinməyən səhifə” adlı tədbir keçirilib
24 fevral 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Rayon sakinlərinin iştirak etdiyi anım tədbirində iştirakçılar öncə Xocalıda həlak olan günahsız qurbanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq, iştirakçılara Xocalı faciəsinin Azərbaycanın tarixinə XX əsrin ən dəhşətli və qəddar səhifələrindən biri kimi daxil olduğunu söyləmişdir. O, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yolunda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü böyük işlərdən ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmişdir.
Sonda Xocalıda baş vermiş faciənin dəhşətlərini özündə əks etdirən “Xocalı qətliamı uşaqların gözü ilə” rəsm əsərlərinin sərgisi nümayiş olunmuşdur.