Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir.
Yanvarın 20-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar - Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir. Sərginin açılış mərasiminin iştirakçıları ilk öncə azadlıq uğrunda canlarını qurban vermiş şəhid oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Əsasən gənc nəslin iştirak etdiyi tədbirdə Mərkəzin direktoru Reyhanə Sadıxova çıxış edərək faciənin ağır tərəflərindən, həmin gün axıdılan günahsız qanlardan, insanlığa sığmayan vəhşiliklərdən iştirakçılara ətraflı məlumat vermişdir. O, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi adlandırmışdır. Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının istedadlarının faciənin dəhşətlərini özündə əks etdirən rəsm əsərlərinin təqdimatı keçirilmişdir.