2018-ci ildən təsərrüfatbaşına uçot sənədlərinin elektron qeydiyyatı aparılacaq
Dekabrın 22-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı zona müşavirəsi keçirilib.
Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Ölkəmizdə aqrar sahədə aparılan islahatların, kənd təsərrüfatına dövlət dəstəyinin uğurlu nəticələrindən danışan T.Qaraşov müzakirə edilən məsələnin aktualığını qeyd edərək, təsərrüfatbaşına uçot sənədlərinin ərazilərdə böyük informasiya mənbəyi olduğunu, görülən işlərin son nəticələrinin doğru, düzgün və dəqiq uçotun aparılmasından asılı olduğunu diqqətə çatdırıb.
Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov çıxışında bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir.
Qeyd olunub ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb.
2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacağını vurğulayan R.Səlimov Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Bildirilib ki, bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Statistika ilə bağlı 2018-2025-ci illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlandığını vurğulayan R.Səlimov yeni ildən təsərrüfatbaşına uçot sənədlərinin elektron qeydiyyatının aparılacağını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzəmmədov ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələri diqqətə çatdırıb.
İdarəçiliyin kökündə məlumatlığın durduğunu qeyd edən H.Əzəmmədov düzgün məlumatın düzgün qərar qəbul etməyə imkan yaratdığını bildirib.
Sonra Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdir müavini Xalıq Nəsibov şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə 2018-2022-ci illəri əhatə edəcək təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.