HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ AÇIQ TARİX DƏRSLƏRİ KEÇİRİLMİŞDİR
Noyabrın 7-də Heydər Əliyev Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Lənkəran Regional Bürosunun təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün açıq tarix dərsi keçirilmişdir. Mərkəzin binasında keçirilən dərsə Lənkəran şəhər 3 aylı tam orta məktəbinin 8-ci sinif şagirdləri və müəllimləri qatılmışdır.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq şagirdləri salamlamış, dərslərin mövzusu ilə bağlı ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra hakimiyyətin sükanı arxasına keçən Ümummilli Lider Azərbaycan xalqına və dövlətinə qarşı yönələn xarici qüvvələrin qəsbkarlıq niyyətlərinin qarşısının alınmasında və tarixi dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz xidmətlər göstərmişdir. Məhz buna görədir ki, müasir Azərbaycanımızın tarixi xalqımızın dahi rəhbəri Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Lənkəran Regional Bürosunun rəhbəri Sevinc Hüseynovanın “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda mühazirəsi dinlənilmişdir. S.Hüseynova azərbaycançılıq və türkçülük ideologiyasının tarixi keçmişindən söhbət açaraq bu prinsiplərin qorunub inkişaf etdirilməsinin xalqımızın inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Mühazirəçi tarixən qədim ənənəyə malik olan dövlətçilik və milli şüurumuzun – türkçülük ideologiyasının zamanla xarici təsirlərin hesabına zəifləməsinə baxmayaraq, dövlətimiz yenidən müstəqilliyinə qovuşduqdan sonra Ümummilli Liderin uzaqgörən və mükəmməl düşünülmüş siyasəti sayəsində yenidən inkişaf etdirildiyini bildirmişdir.
Dərs zamanı şagirdlərə xalqımızın tarixi milli köklərinə bağlılığını ifadə edən paytaxt Bakıda yenicə salınmış Bayraq Meydanının inşası və açılışı ilə bağlı məlumatlar əks etdirən videoçarx nümayiş olunmuşdur.
Məşğələ başa çatdıqdan sonra şagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olmuşlar. Şagirdləri maraqlandıran suallar dərsin təşkilatçıları tərəfindən cavablandırılmışdır.