Lənkəranda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
Noyabrın 7-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin baş mühafizi Aygün İbrahimova açaraq ilk öncə iştirakçıları bu tarixi gün münasibətilə təbrik etmişdir. O, Azərbaycan Dövlət Bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi və şanlı yolundan, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımıza olan xüsusi diqqət və qayğısından, misilsiz xidmətlərindən iştirakçılara ətraflı məlumat vermişdir.
Müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə birmənalı olaraq vurğulanmışdır ki, üçrəngli bayrağımıza ehtiram əlaməti olaraq hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada Azərbaycan dövlətinin və xalqının nüfuzunu daim uca tutacaq.
Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx və Mərkəzin rəsm studiyasının istedadlarının Azərbaycan Bayrağına həsr etdikləri rəsm əsərlərinin sərgisi nümayiş olunmuşdur.