LƏNKƏRANDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLİB
Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində 2017-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə Şura yığıncağı keçirildi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Şurada geniş nitq söyləyərək hesabat dövründə ölkə üzrə nəzərdə tutulmuş işlərin vaxtında görüldüyünü bildirib. Bu dövrdə qeyri-neft sektorunda məhsul istehsalının artdığını, iqtisadi göstəricilərin yüksəldiyini diqqətə çatdıran natiq bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi və mədəni həyatında ciddi uğurların qazanıldığını söyləyib. Eyni zamanda, İcra başçısı qazanılan uğurların cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu, rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, irihəcmli layihələrin vaxtında icra edildiyini və yeni layihələrin icrasına başlanılğını önə çəkib.
Hesabat dövrünün ən əlamətdar hadisəsi kimi sentyabrın 2-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə səfərindən bəhs edən natiq dövlət başçısının yeni obyektlərin açılışında iştirakının və əməkçilərlə iş başında səmimi görüşünün hər bir rayon sakininə böyük sevinc bəxş etdiyini vurğulayıb. Eyni zamanda, sentyabrın 3-də cənab Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirildiyini diqqətə çatdıran İcra başçısı cənab İlham Əliyevin müşavirədə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqinin lənkəranlılar qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.
İcra başçısı yığıncaq iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 2,1 faiz artaraq 310,5 milyon manat, sənayedə 24,8 milyon manatlıq məhsulun istehsal edildiyini, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 19 milyon manat və ümumi həcmdə onun xüsusi çəkisinin 76,8 faiz təşkil etdiyini qeyd edib. Bildirilib ki, kənd təsərrüfatında işlərin daha da sürətlənməsi hesabına məhsul istehsalının həcmi artıb. Yeni çay və sitrus plantasiyaları salınıb, çəltik zəmiləri genişləndirilərək 526,5 hektara çatdırılıb, çəltik emalı zavodu tikilib istifadəyə verilib. Cari ildə 1443 ton çəltik məhsulu tədarük olunub və hal-hazırda yığım davam etdirilir. Sahibkarlığa kömək Milli Fondunun xəttilə sahibkarlara və iş adamlarına 352 min manat güzəştli kreditlər verilib. Cari ildə Təngivan kəndində 36 yerlik yeni modul məktəb binası, Moloja kəndində 100 şagird yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilib. Eyni zamanda evləri qəzalı vəziyyətdə olan ailələr üçün rayonun ayrı-ayrı yaşayış mənqətələrində Föfqəladə Hallar Nazirliyi tərəfindən 5 fərdi ev tikilib istifadəyə verilib. Şəhərdə yol-abadlıq işlərinə diqqət artırılmış, Göyşaban yol dairəsindən Heydər Əliyev prospektinə qədər məsafədə 10 min/kvm sahəyə isti asfalt döşənmişdir. Eyni zamanda şəhərdaxili küçələrdə 14,7 min kv/m sahə əsaslı təmir edilərək asfaltlanmışdır. Ötən 9 ayda şəhər 21 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib, 5 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsləri təmir olunaraq rənglənib. Park və bağlarda 37 min ağac, dekorativ ağac və gül kolları əkilib. Magistral yollar boyunca və küçələrdə 15 min kvm hasar təmir edilib rənglənib və 3 min paqonniy metr bardür, 3,7 min kvm tamet döşənib. Natiq ötən müddət ərzində rayonda ümumilikdə 2858 yeni iş yeri açıldığını, onlardan 2134-nün daimi iş yerləri olduğunu vurğulayıb.
Şura iclasında çıxış edən digər natiqlər də ötən 9 ayda rayonun aqrar sektorunda və xidmət sahələrində görülmüş işlər barədə ətraflı məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda həmçinin Lənkəran şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında əsaslı təmir və bərpa işlərinin aparılması, Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi və o cümlədən sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər barədə cənab Prezidentin imzaladığı sərəncamların rayonda əhali tərəfindən minnətdarlıq hissilə qarşılandığı xüsusi qeyd olunub.
İcra başçısı şura iclasını yekunlaşdıraraq qarşıdakı dövrdə nəzərdə tutulmuş vəzifələrin icrasından ötrü bütün imkanların səfərbər olunmasını ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.