Lənkəranda Ümumdünya Turizm Günü qeyd olundu
Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzin birinci mərtəbəsində ölkəmizin cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgiyə baxıblar.
Yerli sakinlərlə bərabər, Polşadan olan turist qrupunun da qatıldığı tədbirdə, həmçinin Lənkəran rayonunda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər xidmətlərini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzinin dərnək üzvlərinin əl işləri və milli rəqslər də maraqla qarşılanıb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov ölkəmizdə, o cümlədən Lənkəranda turizm sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verərək, dövlətimiz tərəfindən bu sahənin inkişafına daim diqqət və qayğı göstərildiyini bildirib.
Sonra tədbir iştirakçıları Lənkəranın turizm potensialını əks etdirən sənədli filmə baxıblar. Həftənin sonunadək davam edəcək sərgidə Lənkəranla yanaşı, Astara və Lerik rayonlarının da turizm məkanlarının fotoları nümayiş etdirilir. Dünya Turizm Günü ilə bağlı tədbirlər Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində və Uşaq Musiqi Məktəbində də keçirilib.