Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“LƏNKƏRAN PAYIZI – I” SƏNƏTKARLIQ SƏRGİSİ VƏ FOLKLOR FESTİVALI KEÇİRİLMİŞDİR

31 oktyabr 2012 | 16:00

2012-ci il klub müəssisələrinin həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. O cümlədən Lənkəranın bütün klub müəssisələri də öz fəaliyyətinin əsas profilini müəyyənləşdirərək Mədəniyyət Mərkəzinin filialları kimi fəaliyyət göstərməyə başlamışdır. Hazırda Mərkəzin 6 klub filialı etnoqrafiya, 9 filialı diyarşünaslıq, 12 filialı yaradıcılıq, 14 filialı folklor, 32 klub filialı isə sənətkarlıq üzrə profil qəbul etmişdir. “Lənkəran Payızı – I” sənətkarlıq sərgisi və folklor festivalı da bu klublarda folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi ilə keçirilmişdir. Bu həm də əhalinin asudə vaxtını səmərəli keçirilməsi işində mühüm əhəmiyyət daşıyır.
“Lənkəran Payızı – I” sənətkarlıq sərgisi və folklor festivalı Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbirə qatılan qonaqlar əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş xalq sənətkarlıq sərgisində iştirak etmişlər. Burada iştirakçılara yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və sair üzrə əl işləri nümayiş etdirilmişdir.
Oktyabrın 30-da Q.Vəliyev adına şəhər Mədəniyyət Mərkəzində “Lənkəran Payızı – I” folklor festivalı keçirilmişdir.
Festivalı giriş sözü ilə Mərkəzin direktoru Hafiz Mirzə açaraq tədbirlə bağlı məlumat vermişdir.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək tədbirin bölgə üçün əhəmiyyətindən danışmış, xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynadığını vurğulamışdır.
Daha sonra Mərkəzin folklor və yaradıcılıq klubları üzvlərinin çıxışları dinlənilmişdir. Tamaşaçılara təqdim edilən xalq mahnıları və rəqslər böyük maraqla qarşılanmışdır. Sənətkarlıq sərgisinin və folklor festivalının laureatları Mərkəzdə yaradılmış təşkilat komitəsinin qərarı ilə müəyyən edilmişdir.
Qeyd edək ki, hər iki tədbir Lənkəran Şəhər Bələdiyyəsinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.
 

Keçidlər