Baş prokuror Lənkəranda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov iyunun 29-da Lənkəran Şəhər Prokurorluğunun inzibati binasında Lənkəran şəhərindən, Masallı, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 19 vətəndaş qəbul edilib. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.
Qəbul zamanı, həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin edilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər mənfi hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələblərini diqqətə çatdırıb, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılmasını tapşırıb.