LƏNKƏRANIN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ SON ZƏNG ÇALINDI
İyunun 14-də respublikamızın hər yerində olduğu kimi, rayonumuzun ümumtəhsil məktəblərində də növbəti dərs ilinin başa çatdığını bildirən son zəng çalındı. On bir il bundan əvvəl titrək addımlarla məktəb astanasına qədəm qoyan onbirincilər bu gün məktəb illərinə “əlvida” dedilər. Son zəng münasibətilə məktəblərimizdə keçirilən tədbirlərdə məzunlar, müəllimlər, məktəb rəhbərləri, valideynlər, habelə yerli icra orqanlarının nümayəndələri də iştirak edərək, son zəngin sevincini birgə yaşadılar.
Onu da bildirək ki, hazırda rayonumuzda 89 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onların 72-si tam orta, 14-ü ümumi orta, 3-ü isə ibtidai məktəblərdir.
2016-2017-ci tədris ilində rayonumuzda 1798 nəfər 11-ci sinifləri, 2217 nəfər isə 9-cu sinifləri bitirib.
Məzunların buraxılışına həsr olunmuş “Son zəng” tədbirində çıxış edən onbirincilər bu müddət ərzində onların qayğısını, zəhmətini çəkən, elmin sirlərini səylə, səbrlə öyrədən, onların hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirərək, Azərbaycanımıza, doğma yurda, el-obaya layiqli vətəndaş olmalarına söz veriblər.
Son zəng tədbirlərində çıxış edən qonaqlar və rəsmilər də məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara uğurlar arzulamış, Azərbaycanın bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əmin olduqlarını ifadə ediblər.