Musiqili Teatr Lənkəranda “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib
Mayın 31-də Azərbaycan Dövlət Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub.
Yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib. Kənd mədəniyyət klublarının birində baş verən hadisələrdən bəhs edən, satira və yumor dolu bu səhnə əsərində əsas rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlardan Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.
Qeyd edək ki, anşlaqla keçən tamaşanı 500-ə yaxın sənətsevərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də izləyiblər.