ÜMUMMİLLİ LİDERİN AD GÜNÜ LƏNKƏRANDA ÜMUMXALQ SEVGİSİ İLƏ QEYD OLUNDU
Ümummilli Lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da silsilə tədbirlər keçirilib.
Mayın 10-da Ulu Öndərin adını daşıyan Xatirə Parkında əsl xalq coşğusu və izdihamı yaşanıb. Minlərlə rayon sakini buraya gələrək Ulu Öndərə hörmət və məhəbbətlərini ifadə ediblər.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstəsi qoyub.
Sonra İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül düzüb dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra ümumxalq ziyarəti başlayıb.
Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarətindən sonra onun anadan olmasının 94 illiyi münasibətilə Lənkəranda ağacəkmə aksiyası keçirilib. Aksiyada Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də yerli sakinlər iştirak ediblər. Aksiya zamanı xeyli sayda ağac və gül kolları əkilib.
Həmin gün şəhərin Heydər Əliyev Mərkəzində Ümummilli Liderin mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş olunub və Ulu Öndərin ad günü şərəfinə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzində talassemiyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.