Lənkəranda alman faşizmi üzərində qələbənin ildönümü qeyd olunub
Mayın 9-da Lənkəranda alman faşizmi üzərində tarixi qələbənin 72-ci ildönümü təntənə ilə qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, aparat rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında cəsur sərkərdənin əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Bayram şənliyi Gənclər Mərkəzində ziyafət stolu arxasında davam etdirilib.
Bayram sevincini veteranlarla bölüşən icra başçısı Taleh Qaraşov onlara göstərilən yüksək dövlət qayğısından söz açıb, bütün lənkəranlı müharibə veteranlarına ən xoş arzularını çatdırıb. Bildirib ki, bəşəriyyətə böyük fəlakətlər gətirən Böyük Vətən Müharibəsində digər millətlərlə çiyin-çiyinə minlərlə azərbaycanlı da iştirak edib, onlardan bir qismi həlak olub, digər qismi isə qələbədən sonra Vətənə qayıdaraq tikinti-quruculuq işərində çalışıblar.
T.Qaraşovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğı artırılıb, onların sosial-məişət problemlərinin həlli ilə əlaqədar bir sıra layihələr icra olunub. Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də hər il özünün müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.
Çıxışının sonunda icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda işğal altındakı torpaqlarımızın azad olunacağına və qələbə bayramının Şuşada, Xankəndində, digər tarixi məkanlarımızda qeyd ediləcəyinə əminliyini ifadə edib.
Tədbirdə müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ediblər.
Bayram şənliyi rayonun bədii-özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə müşayət olunub.