Lənkəranda keçirilən “Avropa günü” rəngarəng tədbirlərlə yadda qalıb
Lənkəranda keçirilən “Avropa Günü” (Şuman günü) tədbirlərinin ikinci günü, mayın 7-də Lənkəran Dövlət Universitetində (LDU) tələbələr üçün Çex, Fransız, Litva, Fin, Portuqal və İngilis dillərində təlim kursları təşkil edilib.
Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin sədri xanım Malena Mard, Aİ-ə üzv olan xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra rəsmiləri Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhərin Gənclər Mərkəzində KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Konfransda jurnalistlərin Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafını dəstəkləyən proqramla bağlı səsləndirdikləri sualı cavablandıran xanım Malena Mard bildirib ki, Proqramda Lənkəran rayonunda kənd təsərrüfatı ilə yanaşı, kiçik və orta sahibkarlığın inkişafı da nəzərdə tutulub. 6-7 aydan sonra Lənkəranda həmin proqramın müzakirəsi keçiriləcək. M.Mard çıxışı zamanı həmçinin “Avropa Günü”nün keçirilməsi üçün göstərilən qayğı və diqqətə görə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını çatdıraraq deyib:”Birinci dəfədir ki, Lənkərana gəlirəm. Elə ilk təəssüratdan bu diyara vuruldum. Lənkəranın ürəkoxşayan mənzərəsi, könül açan xoş havası, çimərliyi, dənizi məndə məmnunluq yaratdı. Düşünürəm ki, yaxın aylarda ailə üzvlərimlə birlikdə Lənkərana istirahətə gəlim”.
Mətbuat konfransı başa çatdıqdan sonra Gənclər Mərkəzində tamaşaçılar üçün Hollandiya istehsalı olan “Təsadüflərin bir-biri ilə bağlılığı” və Almaniya istehsalı olan “Almaniyaya xoş gəlmişsiniz” filmləri nümayiş etdirilib.
Günün ikinci yarısında Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Mard Malena, Avropa İttifaqına üzv olan dövlətlərin - Almaniya, Macarıstan, Latviya, Hollandiya, Portuqaliya, Rumuniya və İsveçin ölkəmizdəki səfirləri, habelə Belçika və Çexiya səfirliklərinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib.
Qonaqlar Mərkəzin foyesində Lənkəran rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarını, rayonun turizm potensialını əks etdirən sərgilərlə ilə tanış olublar.
Tədbirdə Avropa İttifaqının 60 illiyinə və Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının 25 illyinə həsr olunmuş video-çarxlar nümayiş etdirilib.
Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin sədri xanım Malena Mard bu günkü Avropa İttifaqının İkinci Dünya Müharibəsindən sonra dağılmış vəziyyətdə qalmış Avropanı bərpa etmək və birləşdirmək məqsədilə 1957-ci ildə yaradıldığını bildirib.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski isə çıxışında ölkəsinin ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrə təqaüdün verildiyini vurğulayaraq bu siyahıya lənkəranlı gənclərin də adlarının daxil ediləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar.
Bayram tədbirləri Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında yerli və Bakıdan gəlmiş gənc ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, rəngarəng tədbirlərlə yadda qalan “Avropa Günü” mayın 11-dək davam edəcək. Həmin müddətdə şəhərin Gənclər Mərkəzində Latviya istehsalı olan “Ana, mən səni sevirəm”, Litva istehsalı olan “Eyvan”, İngiltərə istehsalı olan “Ethel və Ernest”, Portuqaliya istehsalı olan “Pişiklərin başı gicələnmir”, Fransa istehsalı olan “Bell və Sebastian”, İspaniya istehsalı olan “Qeybə çəkilmiş tədqiqatçı” filməri nümayiş etdiriləcək.